+
-
15.05.2020
15.05.2020, 09:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində  sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

14 may tarixində, saat 23:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi  yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışdır.

Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Füzuli rayonunun Bala Bəhmənli kənd sakini İsmayılov Namiq Tehran oğlu olması müəyyən­ləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 22 kiloqram 915 qram narkotikə oxşar vasitə (3 kq 500 qr “marixuana”ya, 15 kq 700 qr “heroin”ə, 3 kq 700 “metamfetamin”ə, 15 qr “tiryək”ə, 450 ədəd “Metadon-40” həbinə, 10 ədəd “Opedul” həbinə və 20 ədəd “tramadol” həbinə oxşar vasitə və həblər ) aşkar olunaraq götürülmüşdür. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw