+
-
25.05.2019
25.05.2019, 12:02 Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılış tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun çıxışı

Çox hörmətli mərasim iştirakçıları!

Mənim üçün çıxış etmək son dərəcə çətindir, çünki bu muzey planlaşdırılarkən, bunun içərisindəki müəyyən işlər görülərkən Tarix İnstitutu da bilavasitə iştirak etmişdir. Mən bu muzeyin yaradılmasını Sərhəd Xidmətinin çox böyük xidməti hesab edirəm. Bununla bağlı ölkə başçısı qarşısında məsələ qaldırılıb, burada belə bir muzeyin yaradılması barədə möhtərəm Prezidentimiz tapşırıq vermişdir. Mənim fikrimcə, tarixdə elə hadisələr, elə proseslər var ki, biz onları yüz cildlərlə əsərlər yazmaqla insanların beyninə həkk edə bilmərik. Amma elə addımlar atıla bilər ki, on illərlə edə bilməyəcəyimizi etsin. Bu baxımdan qeyd olunmalıdır ki, Sahil bağında, Cənab Prezident müdrikliklə, cəsarətlə “26-lar”la əlaqədar məqbərəni sökdürdü, şəhər qəbristanlığına köçürtdü. Beləliklə, yüzlərlə versiyaların üstündən xətt çəkildi və məlum oldu ki, orda 26 yox, 23 cəsədin qalığı var. Sonra biz araşdırmalar apardıq, hər bir şey öz yerini tutdu.

Düşünürəm ki, bu muzeyin açılışı da bizim Azərbaycan tarixşünaslığında, insanların beynində bir inqilab yaradacaqdır. Çünki, yazılarla, kitablarla şüurları dəyişdirmək çox çətindir. Xüsusilə, biz indi şüurumuzun, düşüncəmizin gəlişdirilməsi dövründə yaşayırıq. İqtisadiyyatda yüksəlişlərimiz irəlidə daha çox olacaq, başqa sahələrdə abidələr də yaradacayıq, amma on illər, yüz illər lazım gəlir ki, insan beynində dəyişiklik olsun.

Bu baxımdan da bu muzeyin son dərəcə böyük əhəmiyyəti var. Mən düşünürəm ki, onu iki hissəyə bölmək olar. Birinci əhəmiyyəti ondan ibarətdir ki, bura ilə dərindən tanış olduqca, hələ bura sənədlərlə zənginləşdiriləcək, araşdırmalar aparılacaq. Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdir. Cümhuriyyəti süqut etdirərkən Gəncədə bütün camaatı - uşaqlı, qız-gəlinli, qocalı, cavanlı hamısını qırdılar. Azərbaycanın hər yerində bu soyqırımlar həyata keçirildi. Burada da Azərbaycanın paytaxtı olmamalı idi. Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olmuşdur. O, “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü idi. 1918-ci ildə ermənilər Bakıya gələcək paytaxtları kimi baxırdılar. Bakının azad olunması ilə bu mənfur siyasətin qarşısı alındı.

1918-20-ci illərdəki soyqırım Azərbaycan xalqına qarşı dayandırılmadı. Sovet hakimiyyəti illərində soyqırım yeni - daha dəhşətli mərhələyə daxil oldu. Bu binada həmən o soyqırım cəlladlarının nümayəndələri, onların varisləri yuva saldılar və beləliklə repressiya orqanları əslində ermənilərin əlində oldu, Qriqoryanların əlində oldu, başqalarının əlində oldu və burda bizim xalqımıza divan tutuldu. Bu dəfə isə Azərbaycanın ziyalılarını, xalqımızın qaymaqlarını məhv etmək xətti götürüldü.

Bu baxımdan tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var. Xalq bu muzeyə daxil olub çıxandan sonra uşaqlarımız, gənclik, hamısı bilməlidirlər ki, o soyqırım cəlladları kimlərdən ibarət idi. Kimlər bu cəlladlığı törədiblər, xalqımızı məhv ediblər, burada icraçılar kimlərdən ibarət olmuşdur. Onlar siyahılaşdırılacaq və güman edirəm xalqımızda düşüncə tərzi yaranacaq ki, o “Domokl qılınc”ından biz həmişə özümüzü qorumalıyıq. Həmişə düşünməliyik ki, bu cür yerlərdə Azərbaycan xalqını məhv etməyə çalışıblar.

Əlbəttə, biz bu məsələləri açdıqca içəridən də, kənardan da bizə hücumlar olur və deyilir ki, tariximizi siyasiləşdiririk. Tarixi siyasiləşdirmirik! Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirilmişdir. Xalqımızın ziyalılarını şüurlu surətdə, düşünərək məhv etmək siyasətini həyata keçiriblər və biz onu ictimailəşdirəcəyik.

Burada mən Ulu Öndəri yada salmaq istəyirəm, o dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilmə tarixi və soyqırımlar tarixidir. Bu baxımdan bu tarixin öyrənilməsində muzeyin olduqca böyük əhəmiyyəti olacaqdır.

Biz Ulu Öndərin fəaliyyətini, dövlətçilik fəaliyyətini, onun hüquq-mühafizə sistemindəki fəaliyyətini hələ dərindən araşdırmalıyıq. Heydər Əliyev buranın başçısı olmasaydı bizim xalqımız hansı fəlakətləri görəcəkdi. Mən bunu çox səmimiyyətlə demək istəyirəm, çünki mən bu işlərin bir qədər dərindən şahidiyəm. Çünki biz böyük mütəfəkkirimiz Rəsul Rza ilə Azərbaycan ensiklopediyasını nəşr etmək istəyəndə biz bütün məsələləri qoyduq ortaya, Bakı əməliyyatını, buranın alınmasını, Cümhuriyyətin işğal olunmasını, sərhədlərin pozulmasını, soyqırımları, şəxsiyyətlərimizi daxil etdik. Buna çox ağır reaksiyalar oldu. Bizim içərimizdəki dönüklər bizə qarşı çıxdılar. Çox təəssüf ki, dönüklərin müəyyən qədər davamçıları bu gün də var. Onlar Moskva ilə, İrəvanla əlaqəyə girdilər və bizim bu ensiklopediyadakı sağlam mühiti aradan qaldırmaqdan ötrü Şaumyanın oğlunu Azərbaycana gətirdilər.

Mən tamamilə əminəm ki, Heydər Əliyev burda bu rəhbərliyə keçməsə idi, Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etməsəydi, bizim fəlakətlərimiz çox olacaqdı. Repressiya Bəxtiyar Vahabzadəni də, Rəsul Rzanı da haqlayacaqdı. Bizim ləyaqətli insanlarımız hamısı məhv olacaqdı. Ona görə də buradan hasil olan əsas qənaətlərdən biri də odur ki, nə yaxşı ki, Azərbaycan xalqının tarixində Heydər Əliyev var, bizim öndərimiz var. Onun buradakı fəaliyyəti araşdırılmalıdır. Buranı erməni cəlladlarından təmizləməyə başladı. Burada bizim Azərbaycan oğulları işə cəlb olundu və beləliklə xalq rahat nəfəs aldı ki, gələcəkdə bu binada bizi o təhlükələr gözləməyəcək.

Prezidentimizə minnətdarlığımızı bildiririk ki, bu məsələnin burada açılması, həll olunması onun çox müdrik və cəsarətli bir göstərişidir. Əslində burada yeni sənədlər üzə çıxmalıdır, o sənədlərin bəziləri bəlkə də hələ üzə çıxmamalıdır, ancaq çıxarmağa məhkumuq.

Burada bizim Azərbaycan ziyalılığının qaymaqlarının hamısının portretləri var. Onların güllələnməsi haqqında sənədlərin hamısı ortalığa qoyulmalıdır, onu yerinə yetirənlər ortalığa qoyulmalıdır. Şagirdlər və tələbələr üçün bura açıq olmalıdır, ən işlək muzey olmalıdır ki, xalq gəlib bu vahiməni, bu mühiti görsün. Görsün ki, bizim millətimizin başına nə oyunlar gətiriblər. Bu mənada bu muzey bizim misilsiz nailiyyətimizdir.

Tarix İnstitutu bu muzeyin daha da zənginləşdirilməsindən ötrü lazım olan köməkliyi etmək üçün əlindən gələni əsirgəməyəcək.

Təşəkkür edirəm.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw