2018-ci il 20-30 sentyabr tarixlərində İtaliyanın Siyene şəhərində Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Avropa birinciliyində Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.
Polo üzrə Azərbaycan yığma komandası ilk dəfə iştirakçısı olacağı Avropa çempionatına hazırlıq üzrə təlim-məşq toplanışlarını yekunlaşdırmışdır. Almaniyanın Mühlen şəhərində baş tutmuş təlim-məşq toplanışlarında milli yığmamız peşəkar və təcrübəli klub komandaları ilə sparrinq qarşılaşmaları keçirmiş, idmançılarımız qitə birinciliyi ərəfəsində zəruri oyun təcrübəsi əldə etmişlər. Hazırda Bakı şəhərində səfər öncəsi son məşqlərini keçirməkdə olan milli komandamızın Avropa çempionatıında əsas hədəfi ən yüksək pillə uğrunda mübarizə aparmaqdır.
Avqust ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşmüşdür.
Səmimi və çay süfrəsi arxasında keçən görüş zamanı yığma komandanın Avropa birinciliyinə hazırlıq vəziyyəti müzakirə olunmuşdur. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəticəsində atçılıq idman növlərinin son illər ərzində böyük inkişaf yolu keçməsini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunmasını xüsusi qeyd etmişdir. 2015-ci ildə Bakı şəhərində keçirilmiş Arena Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin qələbəsinin Avropanın aparıcı polo komandalarını yığmamıza hörmətlə yanaşmağa və Azərbaycan idmançıları ilə görüşlərə ciddi hazırlaşmağa məcbur etməsi vurğulanmışdır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının Baş Katibi Bəhruz Nəbiyev milli yığmanın üzvlərinin səfəri ilə əlaqədar təşkilati məsələlər barədə məlumat vermişdir. Milli yığmanın məşqçisi Namiq Orucov komandanın qitə birinciliyinə hazırlıq vəziyyəti barədə məlumat vermiş və idmançılar üçün yaradılmış məşq şəraitinə, Almaniyada təşkil olunmuş təlim-məşq toplanışlarına görə minnətdarlığını bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti general-polkovnik Elçin Quliyev yığma komandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyələrini vermiş, idmançılara Avropa birinciliyi kimi mötəbər turnirdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşamağı arzu etmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi