+
-
26.05.2018
26.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir.

Keçirilən tədbirlərdə Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması haqqında ətraflı məlumatlar verilmiş və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Respublika Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Mühafizəsində və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə Şərqin və türk dünyаsının ilk dеmokrаtik dövləti olаn Аzər­bаycаn Xаlq Cümhuriyyəti dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət atributlarının qəbul olunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordumuzun yaradılması, dövlət sərhədlərinin və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər iftixаr hissi ilə qeyd olunmuşdur.

Tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azər­baycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanmışdır.

Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi olaraq qeyd olunmuşdur.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bir daha milli dövlətçilik tariximizə olan hörmət və ehtiramın bariz nümunəsi olması vurğulanmışdır.

Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileynə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw