Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin aprel ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılmışdır. Onların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşları olmuşdur.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan dörd cinayətkar dəstə zərərsizləşdirilmiş, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3.700 ABŞ dolları, 270.000 RF rublı, 11.000 AR manatı, 539.000 İİR rialı, 21 baş iri buynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi