30 iyul 2014-cü il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında Azərbaycan Sərhəd Mühafizəsinin 95 illik yubileyi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açıq elan edən DSX Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında Dahi Öndər Heydər Əliyevin əvəzsiz rolu, dahi öndərin Azərbaycan sərhəd təhlükəsizliyi naminə qəbul etdiyi qərarların əhəmiyyəti xüsusi qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin əldə etdiyi uğur və nailiyyətlər barədə konfrans iştirakçılarına geniş məlumat verilmişdir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda çıxış etmişdir.
Tədbirdə Xəzər rayon YAP-nın sədri Namiq Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və digər qonaqlar iştirak etmişlər.
Tədbirin sonunda konfrans iştirakçılarına Dahi Öndər Heydər Əliyevin sərhədçilərlə görüşlərindən bəhs edən sənədli filmi nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi