Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
18 iyul 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev – Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Hərbi hissənin İdeoloji mərkəzində Dahi Öndər Heydər Əliyevin milli sərhəd mühafizəsinə diqqət və qayğısını əks etdirən foto və video materiallara baxışın keçirilməsi ilə başlayan tədbiri giriş sözü ilə hərbi hissə komandiri polkovnik Namiq Əliyev açmışdır. Konfransda hərbi hissə komandirinin müavini polkovnik-leytenant Ülvi Heydərov, Cəlilabad rayon İcra başçısının müavini Dürdanə Əliyeva, Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyev, Cəlilabad rayon Heydər Əliyev mərkəzinin direktoru Münasib Həsənov və əmək veteranı Fazil Əsədov da çıxış etmişlər.
Çıxışlarda Dahi Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının memarı olaraq dövlətçilik qarşısında misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etməsi, dövlətin iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətlənməsi və bunun əhəmiyyəti barədə şəxsi heyətə geniş məlumat verilmişdir.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi