+
-
10.07.2014
10.07.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılmış, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya Federasiyası, 2 nəfəri İran İslam Respublikası və hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna, Almaniya vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşlar.Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.O cümlədən:

-  04.06.2014-cü il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış İran vətəndaşı Hüseyni Hüseyin Mircəlil oğlunun üzərində 2 kiloqram həşiş, 1 ədəd “Maqnium-200” markalı tapança, 1 ədəd mobil telefon;

-  10.06. 2014-cü il tarixdə Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Cəlilabad rayon sakini Əsədov Müşfiq Bəylər oğlunun  üzərində  690 qram marixuana;

-  “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakinləri Ramazanova Ayna Babacan qızının üzərində  105 qram ,  Hü­sey­­no­va Mehriban Ağabala qızının üzərində  193,2 qram tiryək;

-  “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini Fətullayeva Cəmilə Əlikram qızının və onun həyat yoldaşı Astara rayon sakini Fətullayev Rauf Elman oğlunun əl yüklərində  xalçaya tikilmiş 265 qram heroin ;

- “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini Bəşirov Pərviz Rüstəm oğlunun əl yükündə 950 qram marixuana aşkar olunaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Ay ərzində Astara, Lerik, Yardımlı və Zaqatala rayonlarının ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kiloqram narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 ədəd tapança, 2 ədəd 16 mm-lik tüfəng, 114 ədəd müxtəlif ölçülü patron, 1 ədəd zirehli gödəkçə, 15 ədəd elektroşok, 1 ədəd beşbarmaq, 35 ədəd qızıl-gümüş qol saatı, 34500 Avropa valyutası, 636 ədəd araq, 1780 qutu siqaret, 131,900 ədəd   dərman preparatı, 1 baş at, 145 ədəd pirotexniki vasitə, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw