+
-
14.02.2022
14.02.2022, 16:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

Fevral ayının 12-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilmiş 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılmışlar. Onların Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləş­dirilmiş, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram “heroin”, 5565 qram “marixuana”, 1210 qram “metamfetamin”) və 1000 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. N.Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə “heroin” aşkarlanmışdır.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                            Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw