“Siyasi repressiya qurbanlari” muzeyi

2019-cu ilin may ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları” muzeyinin açılışı olmuşdur. Muzeyin  ekspozisiyası ölkəmizin tarixinin ən acı səhifələrini əyani surətdə əks etdirir. 1920-1950-ci illərdə dövlətin apardığı  siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadimi, elm, mədəniyyət, incəsənət işçiləri, sıravi vətəndaşlar təqib olunmuşdur.

         1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarının əksəriyyətinə bəraət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulmuş, xalqın ayrı-ayrı görkəmli şəxslərinin güllələnməsi və ya sürgünü onların “kommunizm quruculuğuna əngəl törətməkdə” ittihamlarla izah edilirdi. 15 mart 1996-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Azərbaycan Respublikası  Qanununda bu hadisəyə hüquqi qiymət verilmişdir. Qanunun preambulasında qeyd olunur: “1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır”.

         DSX-nın siyasi repressiya qurbanları muzeyinin təşkilində məqsəd repressiya qurbanlarının  xatirəsinə ehtiramla  yanaşı, yaxın keçmişimizin qanlı səhifələri,  totalitar rejimin hakim ideologiyadan fərqli düşüncəyə sahib vətəndaşlara münasibətdə dözümsüzlük nümayiş etdirərək onları saxta ittihamlar əsasında güllələnməsi, sürgün edilməsi və  işgəncələr verməsi haqqında böyüməkdə olan nəsli düzgün məlumatlandırmaqdır. Muzey mülki vətəndaşların ziyarəti üçün açıqdır. Burada araşdırma aparmaq üçün tələbələrə, tədqiqatçılara şərait  yaradılıb. Onlar muzeyin kitabxanasında saxlanan kitablarla, məsuliyyətə  cəlb olunmuş şəxslərin cinayət işləri ilə tanış olmaq imkanı əldə edə bilərlər.

        DSX-nın indi yerləşdiyi inzibati binada 1925-ci ildən sonra dövlətin əsas repressiv  qurumları olan təhlükəsizlik orqanları (müxtəlif vaxtlarda bu orqanlar Azərbaycan Fövqəladə Komissiyası, Dövlət Siyasi İdarəsi, Dövlət Təhlükəsizlik Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi adlandırılmışdır) fəaliyyət göstərmişdir. Binanın zirzəmisi həbs olunanların  saxlanılması, istintaq  kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılmışdır. 

          Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin  İctimai-Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənəd və fotoşəkillərin surətləri, həmçinin yerli  sənətkarların hazırladıqları kompozisiyalar  təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərinin saytlarından götürülmüş, Qazaxıstanın “ALJİR” (Aкмолинский лагерь жён изменников Родины) siyasi repressiya muzeyi tərəfindən təqdim olunmuşdur. 

        Muzeyin ekspozisiyası hazırlanarkən Mədəniyyət Nazirliyinin və A.Bakıxanov adına Tarix İnstitutunun ekspertləri və əməkdaşları ilə məsləhətləşmələr aparılmış, onların rəyləri öyrənilmiş və  təklifləri  nəzərə alınmışdır. 

        DSX-nın “Siyasi repressiya qurbanları” muzeyi bir neçə bölmədən ibarətdir. Muzeyin əsas zalında 10 lövhə yerləşdirilmişdir. “Danışan sənədlər” adlanan 1-ci lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti öz əksini tapmışdır.

 Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmrini hesab etmək olar. Əmrdə  deyilirdi: “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər”. Daha bir diqqətiçəkən sənəd isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1 dekabr 1934-cü il tarixli qərarıdır ki, bu qərara görə  terror təşkilatları və sovet hakimiyyəti işçilərinə qarşı terror aktlarına aid işlərin istintaqı və  baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dinləmələr tərəflərin iştirakı olmadan aparılmalı, bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərinə yol verilmir və ən əsası isə ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilməliydi. 

        Növbəti lövhə 1920-ci ilin yanvarından Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təhsil almağa və təhsillərini davam etdirmək üçün Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları təqiblərə həsr edilib. Lövhədə  verilən məlumatda göstərilir ki, Vətənə dönmüş 56 ali təhsilli  mütəxəssisin 38-i güllələnib və ya sürgün edilmişdir. Lövhədə onların şəkilləri və qısa tərcümeyi-halları verilmişdir.

        Repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın –  Xədicə Qayıbova, Mədinə  Qiyasbəyli, Nemət Məlikova, Pamfiliya Tanaylidi  və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumat verilmişdir. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı bir neçə sənədin surəti yerləşdirilmişdir. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd yetkinlik yaşına çatmayan uşaq olmasına baxmayaraq, o sürgün edilmişdir. Bu haqda sənədin surəti lövhədə yer alıb. 

        Qadınların repressiyasına daha bir lövhə həsr olunub. Burada Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (Akmolinskiy Laqer Jen İzmennikov Rodinı-ALJİR) cəza çəkən 44 azərbaycanlı qadın haqqında məlumat verilib. Həmin məlumat “ALJİR”-dən alınmışdır. Əsassız sürgün edilmələrinə baxmayaraq qadınlar dövlət naminə əzmlə çalışıblar, istehsalat tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Bunu məhkum Həvva Həmzəyevaya fədakar əməyinə görə verilən fərman təsdiq  edir.

        Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərb xadimlərinə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Murad bəy Tlexas, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkilləri  verilmişdir. 

         Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim olunan sənədlərdən görünür ki, o sovet dönəmində hər zaman təqib olunub. Bunu  H.Cavidin 1926-cı ildə müalicə almaq üçün xaricə getməsinə icazə verilmədiyi haqqında qərardan və onun 1936-cı ildə Azərbaycanın rəhbəri M.C.Bağırova müraciətindən aydın görünür. 

        Növbəti lövhə Azərbaycan ziyalılarının repressiyasından bəhs edir. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnməsi barədə aktların və arayışların surəti nümayiş olunur.

        Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına da diqqət verilmişdir. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə  Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təəbəsi olan azərbaycanlıların respublikadan çıxarılması haqqında  sənədlərin surətləri də yerləşdirilmişdir. 

        1920-ci ildən başlayan repressiyadan ilk təqib olunanlar Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları  -  parlament və hökumət üzvləri  olub.  Onların bir “təqsiri” olub – “Musavat”  və ya “İttihad” partiyarına üzvülük. Musavat partiyasının lideri Məmməd Əmin Rəsulzadənin həbsi, Səhiyyə və Himayədarlıq naziri  olmuş Xudadat bəy Rəfibəylinin, sabiq Dəmir Yol naziri Teymur bəy Məlik- Aslanovun və digərlərinin güllələnməsi, bir çox musavatçıların və ittihadçıların sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqiblərinə qarşı nə qədər amansız olduğundan xəbər verir.

        Sonuncu lövhə Azərbaycan Fövqəladə Komissiyasının (AzÇK) insanlıq əleyhinə olan fəaliyətinə həsr olunub. Təqdim olunan  sənəd surətlərinin içində  SSRİ Ədliyyə Xalq Komissarlığının təlimatçısı İvanovun 1934-1937-ci illərdə əsassız məhkum olunan kolxozçuların,  MTS işçilərinin, kənd şuraları üzvlərinin və kənd fəallarının işlərinə yenidən baxılması təklifi ilə bağlı Azərbaycanın rəhbəri M.C.Bağırova müraciəti böyük maraq kəsb edir. Müraciətdə göstərilir ki, ilkin hesablamalara görə göstərilən kateqoriyadan həmin dövrdə Azərbaycanda 32000 şəxsin məhkumluğu ilə nəticələnmiş 11000 cinayət  işinə yenidən  baxılmalıdır. 

        Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə  ziyarətçilərdə  təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı bərpa edilmişdir. Muzeyin dəhlizlərində  qanunsuz həbslərə  etiraz və azadlığa canatmanı simvolizə edən  kompozisiyalar da yer almışdır.