+
-
28.05.2025
28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bildirilmişdir ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olmuş, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılmış, dövlət atributları formalaşdırılmış, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilmişdir.

Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılmışdır. 

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərin qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmış, bu məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi şəxsi heyətin diqqətinə çatdırılmışdır. Müstəqil dövlətimizin təhlükəsizliyi və rifahı naminə sədaqətlə xidmət etməyin hər bir sərhədçi üçün müqəddəs vəzifə olduğu, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqətlə bağlı olan sərhədçilərin bu şərəfli missiyanı böyük məsuliyyət və qürur hissi ilə yerinə yetirdiyi xüsusi olaraq qeyd edilmişdir.

Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw