May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunmuşdur.
İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlamışlar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunmuş, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilmişdir.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atmış, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılmışdır.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülmüşdür.
Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilmişdir.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi