+
-
05.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 5-də Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.


 

Mərasim iştirakçıları Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.

Məzunlar adından çıxış edən leytenant Qoşqar Mirzəyev Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnmələri, Akademiyanı uğurla başa vurmaqları üçün əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, Dövlət Sərhəd Xidmətinin gənc zabitləri sırasına daxil olduqları dövrün zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində baş tutması ilə əlamətdar olmasını qeyd etmişdir.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, Dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanmışdır.

DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı uğurla başa çatdırılmışdır.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilmişdir.

Gənc zabitlər tədbirin sonunda Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin və xalqımızın çoxəsrlik tarixinin təbliğinə töhfə verən muzey və sərgilərlə yaxından tanış olmuşlar.

Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik etmiş, gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw