+
-

İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodunun açılışında iştirak edib 18 iyul 2014

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib. 

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla da ölkədə sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daha da möhkəmləndirilib. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bununla yanaşı, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması sahəsində də mühüm addımlar atılıb. 

Bir neçə il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazasının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasından xəbər verir. Bu baza Xəzər dənizinin Azərbaycana aid hissəsində nəzarətin daha da gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qaz çıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı mühafizəsinin təmin olunmasında mühüm rol oynayır.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Ali Baş Komandana məlumat verildi ki, zavod 13 min kvadratmetr ərazidə inşa olunub. 

Prezident İlham Əliyev gəmi inşası zavodunun baş planına, maketinə və gəmi tikintisi zamanı istifadə olunan dəzgahlara baxdı.

Qeyd edək ki, dövlətimizin başçısının 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. 

Sonra Azərbaycan Prezidenti yeni gəmilərin taktiki-texniki göstəricilərindən bəhs edən videoçarxa baxdı.

Bildirildi ki, artıq bu zavodun imkanları hesabına Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli iki sərhəd gözətçi gəmisinin inşası başa çatıb. Mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığının quraşdırıldığı, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib. Hazırda 100-dək mütəxəssisin işlə təmin olunduğu zavodda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb.

Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev yeni sərhəd gözətçi gəmisinin dənizdə manevrlərinə baxdı.