İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarında olub 26 aprel 2021
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdilər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Elçin Quliyev dedi: Xoş gəldiniz cənab Prezident!
Prezident İlham Əliyev: Salam.
Elçin Quliyev: Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə.
Məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad edilmiş ərazilərdə tikinti-təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdı, möhtərəm cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadratmetr ərazidə hərbi hissə yaradılmışdır, hazırkı vəziyyət gördüyünüz kimidir.
X X X
Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verən Elçin Quliyev dedi: Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılmışdır. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.
Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.
Elçin Quliyev: Elədir ki var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır.
Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.
Elçin Quliyev: Elədir ki var, cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.
Prezident İlham Əliyev: Bu, dağın başında idi.
Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident. Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu.
Sonra Prezident İlham Əliyev yeni hərbi maşınlarla tanış oldu və onlardan birini idarə etdi.
Elçin Quliyev: Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır və Sizin göstərişiniz üzrə bizim çevik heyətimizə təqdim olunmuşdur. Möhtərəm cənab Prezident, Sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlamışdır.
Dövlətimizin başçısı hərbi hissənin idman zalında oldu.
Prezident İlham Əliyev: Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək.
İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur.
X X X
Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdü və çıxış etdi.
Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür.
Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.
Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.
Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir. Bu ərazidə şiddətli döyüşlər gedirdi, hər bir kənd uğrunda şiddətli döyüşlər gedirdi, biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. İtkilərə baxmayaraq, biz hər gün irəli gedirdik. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq.
Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib. Bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır.
Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.
Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.