+
-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Zaqatala Sərhəd Dəstəsində söylədiyi nitq

Əziz sərhədçilər! Mən sizin hamınızı ürəkdən salamlayıram, şərəfli xidmətinizdə sizə uğurlar arzulayıram.

Hər bir ölkə üçün sərhəd onun müstəqilliyini, müstəqil ölkə kimi yaşamasını əks etdirir. Azərbaycan gənc müstəqil ölkədir. Yalnız 15 il bundan əvvəl ölkəmiz müstəqilliyə qovuşdu və dünya birliyinin üzvü kimi yaşamağa başladı. Əlbəttə ki, Azərbaycan öz sərhəd xidmətini yenidən qurmalı idi. Çünki bizim qonşu ölkələrlə, demək olar ki, sərhədimiz yox idi. Rusiya ilə, Gürcüstanla bir ölkədə yaşadığımıza görə, aramızda sərhəd yox idi. İranla sərhəd isə artıq yararsız vəziyyətə düşmüşdü. Belə olan halda, ölkəmizin sərhəd infrastrukturunun yaradılması məsələsi ön plana çıxdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu işlər başladı və qısa müddət ərzində Azərbaycanda çox peşəkar sərhəd xidməti yaradıldı. Eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərara görə, Azərbaycanda müstəqil Dövlət Sərhəd Xidməti yaradıldı və bu gün fəaliyyət göstərir. Bu illər ərzində çox böyük işlər görüldü, sərhədlərimiz möhkəmləndirildi, yeni, müasir sərhəd infrastrukturu yaradıldı, kifayət qədər texnika alındı və bu proses davam edir.

Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır. Bu sahəyə böyük diqqət göstərilir, mənim sərhədçilərlə çoxsaylı görüşlərim olubdur. Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikanı, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur.

Bu gün bölgədə gedən proseslər, bütövlükdə dünyada gedən proseslər bizim diqqət mərkəzimizdədir. Biz bu prosesləri izləyirik, təhlil edirik və lazımi tədbirləri görürük. Görürük ki, qloballaşma dövründə, ölkələr arasında sərhədlərin açıldığı dövrdə təhlükələr də yaranır və bu təhlükələr əlbəttə ki, bizi düşündürür. Bölgədə terrorizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və digər xoşagəlməz hadisələr müşahidə olunur. Azərbaycan özünü qorumalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, iqtisadi islahatların davam etdirilməsi üçün, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış uğurlu neft strategiyamızın həyata keçirilməsi üçün ölkədə sülh, sabitlik, ictimai-siyasi asayiş olmalıdır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamalıdır. İndi bu var və bu, böyük nemətdir. Azərbaycan öz iqtisadiyyatını rahat şəraitdə inkişaf etdirir.

Azərbaycanda sosial məsələlər öz həllini tapır və ölkəmizin vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması bizim üçün bütün bu gözəl imkanları yaradır. Ona görə Sərhəd Qoşunlarının inkişafına bundan sonra da böyük diqqət göstəriləcəkdir.
Bildiyiniz kimi, lazımi vəsait ayrılır, ölkəmizin müxtəlif bölgələrində yeni sərhəd dəstələri yaradılır. Gələn il və bu il həmin məqsədlərə əlavə vəsait ayrılacaqdır. Sizə deyə bilərəm ki, Sərhəd Qoşunları Komandanının bütün müraciətlərinə müsbət baxılır, operativ qaydada göstərişlər verilir ki, bizim sərhəd dəstələrimiz daha da möhkəmlənsin. Azərbaycan sərhədlərini və beləliklə də öz dövlət müstəqilliyini möhkəmləndirsin. Müstəqillik bizim üçün ən böyük nemətdir, ən böyük sərvətdir. Azərbaycan xalqı əsrlər boyu bu duyğularla yaşamışdır. Bu gün biz müstəqil ölkə kimi dünya birliyinin üzvüyük. Azərbaycanın önəmi artır, beynəlxalq və regional işlərdə fəaliyyətimiz artır. Belə olan halda, təbii ki, Azərbaycana diqqət də artır. Azərbaycanı istəməyən qüvvələr, erməni terrorist təşkilatları, erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycana qarşı kampaniya aparırlar. Bu, həm təbliğat xarakteri daşıyır, eyni zamanda təxribat xarakteri daşıyır. 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədilmişdir. Bu terror aktlarında iki mindən çox günahsız insan həlak olmuşdur, minlərlə adam əlil, şikəst olmuşdur. Azərbaycanda demək olar ki, daxili sabitlik yox idi, hərc-mərclik, anarxiya, özbaşınalıq hökm sürürdü. Qayda-qanun yox idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra qayda-qanun yaradıldı, sabitlik bərqərar olundu. Qeyri-qanuni dəstələr tərksilah edildi. Bizim sərhədlərimiz də möhkəmləndi. Bu gün müasir avadanlıqla təchiz olunmuş Sərhəd Qoşunları Azərbaycanı bütün təhlükələrdən müdafiə etməyə qadirdir. Biz sərhədlərdə, ölkə daxilində nələr baş verdiyini bilirik. Bizim kifayət qədər imkanlarımız var və vəziyyət tamamilə nəzarət altındadır. Amma bu o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Əksinə, biz öz işimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq, təkmilləşdirməliyik ki, Azərbaycan xalqı rahat, sülh, təhlükəsizlik şəraitində yaşasın. Müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycanın başlıca vəzifəsidir. Biz öz dövlət müstəqilliyimizi qoruyub saxlamalıyıq və hər gün, hər ay bunu möhkəmləndirməliyik.

Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış ölkədir. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Biz bu işğala son qoymaq istəyirik, ona görə danışıqlar prosesində iştirak edirik. Bildiyiniz kimi, danışıqlar prosesi artıq yeni formatda keçirilir və bu format ədaləti əks etdirir. Azərbaycanın milli maraqlarını əks etdirir və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün lazımi zəmin yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Biz bunu sülh yolu ilə, danışıqlar yolu ilə etmək istəyirik. Biz müharibə istəmirik. Ancaq eyni zamanda, öz hərbi potensialımızı da möhkəmləndirməliyik və bunu da edirik. Bu, bizim suveren hüququmuzdur.

Azərbaycanın iqtisadi potensialı, gücü artdıqca, əlbəttə ki, hərbi xərclər də artır və artmalıdır. İldən-ilə artan hərbi xərclər Azərbaycanda çox güclü hərbi potensialın yaradılmasına gətirib çıxarır. Bu gün ordu quruculuğuna, Sərhəd Qoşunlarının möhkəmlənməsinə ayrılan xərclər bizim gücümüzü, qüdrətimizi artırır. Biz güclü dövlət olmaq istəyirik. Hər bir ölkə istəyir ki, onun gücü olsun, həm iqtisadi gücü artsın, həm regiondakı mövqeyi möhkəmlənsin, eyni zamanda, müdafiə potensialı da möhkəmlənsin.

Ordu quruculuğunda böyük işlər görülüb, bu məqsədlərə ayrılan xərclər ilbəil artır və Azərbaycanda çox güclü hərbi potensial yaranmaqdadır. Gələcək illərdə bu, daha da güclənəcək, bizim imkanlarımız artacaq, büdcəmiz ildən-ilə artacaqdır. Son dörd il ərzində Azərbaycanın büdcəsi 4 dəfə artıbdır. Amma bu, hələ son hədd deyil, görüləcək əsas işlər qabaqdadır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanmış, onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycan zəngin, inkişaf etmiş ölkəyə çevriləcəkdir. Ölkənin bütün problemləri öz həllini tapacaqdır. Bunu bu bölgədə olarkən də - səhərdən Balakəndə, indi Zaqatalada, sonra başqa rayonlarda da olacağıq - görürük. Hər bir rayonda inkişaf gedir, müasir infrastruktur yaradılır. İdman kompleksləri, xəstəxanalar, aeroportlar, müalicə-diaqnostika mərkəzləri, məktəblər, sərhəd dəstələri, yollar– bütün bunlar inkişafın əlamətidir. Azərbaycan ən sürətlə inkişaf edən ölkədir, bölgədə lider ölkədir. Eyni zamanda, hərbi potensialına görə lider ölkədir və bu, davam etdiriləcəkdir. Azərbaycan möhkəmlənəcək və zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bütün bunları təmin etmək üçün sabitlik, təhlükəsizlik, ictimai-siyasi asayiş olmalıdır. Sərhəd Qoşunlarının bu işlərdə böyük əməyi var, mən bunu, görülən işləri də yüksək qiymətləndirirəm.

Çox yüksək səviyyədə peşəkarlıq var, hazırlıq yüksək səviyyədədir. Eyni zamanda, vətənpərvərlik ruhu da yüksəkdir. Bu, həmişə lazımdır və bu da var. Mən bunları görəndə çox sevinirəm. Sizə şərəfli işinizdə uğurlar arzulayıram, Vətənin maraqlarını, Azərbaycanın müstəqilliyini qoruyun, möhkəm olun.

Sağ olun.