+
-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Şəmkir Sərhəd Dəstəsinə səfəri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Gəncəyə və Qazaxa səfəri zamanı şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olmaq üçün Ağstafa rayonu ərazisindəki sərhəd məntəqələrindən birində olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Ali Baş Komandana dövlət sərhədlərimizin etibarlı şəkildə qorunması, sərhəd xidmətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün görülmüş işlər barədə məruzə etmişdir. O, bildirmişdir ki, Gürcüstan-Azərbaycan sərhədləri çox mürəkkəb relyefə malikdir. Relyefin mürəkkəbliyi burada dövlət sərhədlərini qorumaq işinə xüsusi yanaşma tələb edir. Bu ərazidə dövlət sərhədlərinin mühafizəsinin daha da gücləndirilməsi üçün sərhəd zastavalarının sayının artırılması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də çoxsaylı yeni sərhəd məntəqələri tikilir. Həmin sərhəd məntəqələrindən üçünün tikintisi artıq başa çatdırılmışdır. Digər bütün tikintilər nəzərdə tutulmuş müddətlərdə başa çatdırılmalıdır. Hər sərhəd məntəqəsində lazımi digər tikintilərlə yanaşı, zabitlər üçün yaşayış binaları da inşa edilir. Zastavalarda yaradılan yaxşı məişət şəraiti, sözsüz ki, xidmətin daha yüksək səviyyədə təşkil olunmasına öz müsbət təsirini göstərəcəkdir.

Ölkəmizin başçısı dövlət sərhədlərimizin mühafizəsində istifadə edilən vasitələrin taktiki-texniki imkanları ilə tanış olduqdan sonra əsgər yataqxanasına getmiş, əsgərlər üçün yaradılmış məişət şəraiti ilə maraqlanmışdır. Ali Baş Komandan səhra yeməkxanasında istifadə olunan avadanlıq və vasitələrə baxdıqdan sonra əsgərlər üçün bişirilmiş yeməklərdən dadmış və bəyəndiyini bildirmişdir.

Sonra ölkəmizin başçısı qərargahda şimal-qərb sərhədlərimizdəki zastavaların ümumi sıxlığının real vəziyyətini əks etdirən xüsusi hazırlanmış stendlərlə, materiallarla tanış olmuşdur. Burada Ali Baş Komandan üçün Dövlət Sərhəd Xidmətinin keçirdiyi xüsusi təlimlərdən, havada, dənizin üzərində və su altında aparılan əməliyyatlardan, sərhədçilərimizin hazırda istifadə etdikləri müasir silah və texniki vasitələrdən, eləcə də atlardan və xüsusi təlimlər görmüş itlərdən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.

Ali Baş Komandan sərhəd məntəqəsinin yerləşdiyi ərazinin ən uca zirvəsinə qalxmış, sərhədlərimizi müşahdə etmiş, qonşu ölkələrlə sərhədlərin qorunmasının etibarlılığının daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Cənab Ali Baş Komandanın sərhəd zastavasına gəlişini tarixi hadisə kimi qiymətləndirən sərhədçilər həmin zirvəni «İlham Əliyev adına zirvə» adlandırmış və orada abidə ucaltmışlar.