+
-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev cənab Ali Baş Komandana raport vermişdir. Hərbi hissənin ərazisi ilə tanış olan cənab Prezidentə məlumat verilmişdir ki, buradakı şəxsi heyət relyefdən asılı olmayaraq, hər yerdə, habelə dənizdə bütün əməliyyatlarda iştirak etməyə həmişə hazırdır. Dövlət Sərhəd Xidmətinin keçirdiyi bütün əməliyyatlarda bu hərbi hissənin şəxsi heyəti iştirak edir.

Cənab Ali Baş Komandan hərbi hissənin idman salonuna baxmışdır. Burada yüksək fiziki hazırlığa nail olmaq üçün sərhədçilərə hər cür şərait yaradılmışdır.

Sonra təlim zalına gələn cənab Ali Baş Komandana məlumat verilmişdir ki, burada şəxsi heyət müxtəlif silah növlərindən istifadə qaydalarını öyrənir.
 


Ali Baş Komandan Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı fotoşəkillərə baxmışdır. Burada müxtəlif vaxtlarda cənab Prezidentin iştirakı ilə sərhəd dəstələrinin açılışlarını, Azərbaycan sərhədçilərinin orden və medallarla təltif olunmasını, onların sosial şəraitinin yaxşılaşdırılmasını əks etdirən fotoşəkillər toplanmışdır. Prezident İlham Əliyev pnevmatik atıcılıq otağında tapançadan hədəfə atəş açmışdır. İnteraktiv atıcılıq otağında isə sərhədçilər müasir silahlardan istifadə vərdişlərini təkmilləşdirirlər.

Sonra cənab Prezident əsgərlərlə görüşmüşdür.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edərək demişdir ki, Sizin şəxsi heyətə gündəlik qayğınız dövlət sərhədlərinin mühafizəsində yüksək etibarlılığın təmin edilməsinə, bu sahədə ən müasir texnikaların tətbiqinə şərait yaratmışdır. Hər bir Azərbaycan sərhədçisi Vətəninə və Prezidentinə sədaqətlə, qürurla xidmət edir. Bu gün açılışında olduğumuz bu hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına öz töhfəsini verməkdədir. Burada şəxsi heyətin peşəkar səviyyədə formalaşması, Vətənə sədaqətlə xidmət etməsi üçün bütün şərait var. Qürurla bildirmək istəyirəm ki, bu hərbi hissə dünya standartlarına cavab verir. Cənab Prezident, biz də çalışırıq ki, qarşımıza qoyulmuş bütün tapşırıqları şərəflə yerinə yetirək. Sizə bütün Azərbaycan sərhədçiləri adından dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sərhədçilərə müraciətlə demişdir: - Mən bütün sərhədçiləri bu gözəl hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə Vətən uğrunda xidmətinizdə uğurlar arzulayıram.

Son illər ərzində sərhəd xidmətinin təşkil olunması, infrastrukturun yaradılması istiqamətində çox böyük işlər görülübdür. Bu hərbi hissənin yaradılması son illər ərzində görülmüş işlərin bariz nümunəsidir. Sərhədlərimizdə müasir zastavalar, hərbi hissələr yaradılır, eyni zamanda, ölkəmizin müxtəlif yerlərində ən müasir standartlara cavab verən hərbi hissələr yaradılır və müasir avadanlıqla təchiz edilir.

Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Xüsusilə Azərbaycan kimi daxili sabitliyi ilə fərqlənən ölkələrin təhlükəsizliyi, ilk növbədə, sərhədin möhkəm olmasından asılıdır. Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha da yüksək səviyyədə təşkil olunur.

Azərbaycanın yerləşdiyi bölgə təhlükələrlə, risklərlə doludur və biz bunları qonşuluqda gündəlik həyatda görürük. Azərbaycanda təhlükəsizlik tədbirlərinin görülməsi, əmin-amanlığın, ictimai-siyasi sabitliyin qorunması Azərbaycan xalqının rahat yaşaması üçün şərait yaradır, bizim iqtisadi inkişafımıza təkan verir.

Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Həm son aylar ərzində qonşuluqda yaşanan siyasi və hərbi böhranlar, həm də bu gün dünyada yaşanan iqtisadi və maliyyə böhranları Azərbaycandan yan keçibdir. Nəyə görə? Ona görə ki, bizim məqsədyönlü siyasətimiz, görülən tədbirlər, vaxtında atılmış addımlar Azərbaycanı hərtərəfli qoruyur. Biz dövlət müstəqilliyimizi qorumalıyıq, möhkəmləndirməliyik, dönməz etməliyik. Elə etməliyik ki, Azərbaycan həmişə çiçəklənsin, inkişaf etsin.

Bu baxımdan sərhəd xidməti əməkdaşlarının fəaliyyəti çox önəmli, çox vacibdir. Məhz bu məqsədlə sərhəd xidmətinin, sərhəd infrastrukturunun möhkəmlənməsi üçün son illər ərzində böyük vəsait ayrılıb, bundan səmərəli istifadə olunubdur. Mən Azərbaycanın müxtəlif bölgələrində yerləşən sərhəd hərbi hissələrində olarkən bunu öz gözümlə görmüşəm. Bu gözəl hərbi hissənin yaradılması da görülən tədbirlərin, işlərin nəticəsidir. Burada xidmət etmək üçün bütün şərait var, şəxsi heyətin öz peşəkarlığını artırması üçün bütün şərait yaradılıbdır. Mən şübhə etmirəm ki, sərhədçilər bütün bu gözəl şəraitdən səmərəli istifadə edəcək və həmişə olduğu kimi, Vətənin keşiyində möhkəm dayanacaqlar.

Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun!

Sonra atıcılıq poliqonu ilə tanış olan cənab Ali Baş Komandana məlumat verildi ki, burada müxtəlif məsafələrə- 10, 25, 75 və 100 metr məsafələrə atəş açmaq üçün ən yüksək standartlara uyğun şərait yaradılmışdır.

Cənab Prezident hərbi hissədəki yeni texnikalara da baxmışdır. Bildirilmişdir ki, digərləri kimi, yeni hərbi hissə də müasir tipli texnikalarla təchiz olunmuşdur.

Dövlətimizin başçısı şəxsi heyətin hərbi təlimlərini izləmiş, qərargah binasında yaradılan şəraitlə, yeməkxana ilə tanış olmuşdur. Hərbi hissədə bütün tələblər nəzərə alınmaqla, komandir və zabit heyətinin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Yeməkxanada isə əsgər və zabit heyətinin qidalanması üçün yüksək standartlar tətbiq edilir.

Cənab Ali Baş Komandan hərbi hissənin muzeyində də olmuşdur. Burada Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Sərhəd Qoşunlarının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər və kitablar toplanmışdır.

Dövlətimizin başçısı gizir və zabitlər üçün inşa olunmuş yataqxana ilə tanış olmuş, hərbi hissənin təchiz olunduğu müasir silah növlərinə baxmışdır. Müxtəlif əməliyyatların keçirilməsi üçün nəzərdə tutulan bu silahlar dünya standartlarına cavab verir.



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.