+
-
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)
1995-ci ilin oktyabr ayının 28-də Bakı metropolitenində baş vermiş yanğın zamanı əsgər Elxan Talışxanov hərbi və vətəndaşlıq borcuna sadiq qalaraq qatardakı bir neçə sərnişini xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə E. Talışxanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Ölkəmizin sərhədçiləri çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olmuşlar. Bu proseslər zamanı sərhədçilər dəfələrlə silahlı müqavimətlərlə rastlaşmış və həmin müqavimətləri fədakarlıqla dəf etmişlər. Bu cür cinayətkar dəstələrə qarşı keçirilən əməliyyat tədbirləri sırasında uzun müddət axtarışda olan, Azərbaycan Respublikasının şimal-qərb bölgəsində qatı cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi silahlı quldur dəstəsinin 2002-ci ilin iyul ayının 13-də Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən zərərsizləşdirilməsi, dəstə başçısının isə məhv edilməsi xüsusi yer tutur. Həmin əməliyyat tədbirində sərhədçilərin rəşadəti Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığının təmin edilməsindəki xidmətlərinə, şəxsi igidlik və şücaət göstərdiklərinə görə Dövlət Sərhəd Xidmətinin iki əsgəri - Anar İsmayılov (ölümündən sonra) və Təbriz Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişlər.

2008-ci ilin yanvar ayında silahlı sərhəd pozucuları ilə döyüşə girən və qəhrəmanlıqla həlak olan leytenant Qorxmaz Həşimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Ümumilikdə 3 sərhədçi zabit, 1 gizir, 1 kursant və 1 əsgər "Azərbaycanın Milli Qəhrəmanı" adına, onlarla əsgər və zabit isə müxtəlif dövlət təltiflərinə layiq görülmüşlər. Qəhrəmanlıq göstərmiş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün 7 sərhəd zastavasına onların adları verilmişdir.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.