+
-
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)
2007-ci ilin iyun ayının 12-də cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. 2008-ci il noyabr ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzi istifadəyə verildi. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubiley ili kimi əlamətdar olmuşdur. Sərhədçilər yubileyi xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılamış və yubiley ili ölkəmizin sərhəd mühafizəsi tarixində xüsusi izlər qoymuşdur. "Sərhədçi" idman olimpiya mərkəzi və Şüvəlan qəsəbəsindəki xüsusi hərbi hissə yubiley ilinin yadigarlarıdır. 164 binanın, o cümlədən xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzində üstüörtülü manejin və yeni açıq yarış meydanının, Göytəpə Sərhəd Dəstəsi qarnizonunun, 22 ədəd sərhəd komendantlığı və sərhəd zastavasının, 2500 nəfərlik təlim mərkəzi kompleksinin, Akademiya kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksinin inşası və əsaslı təmiri uğurla davam etdirilmişdir. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli gəmilər verilmiş, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alınmışdır ki, bu da xidmətin səviyyəsinin yüksəlməsinə müsbət təsir etmişdir.

"Döyüş hazırlığı ili" kimi yadda qalan 2009-cu ildə şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə mühüm diqqət yetirilmiş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə sərhəd dəstələrində və hərbi hissələrdə zəruri işlər aparılmışdır. İyun ayının 21-25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin cəlb edildiyi "Qalxan-2009" birgə əməliyyat-taktiki təlimlərində DSX-nin bölmələrinin qarşısına qoyulmuş döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilmişdir. Sentyabr ayının 23-25-də Xəzər dənizində neft-qaz infrastrukturu obyektlərinin mühafizəsi mövzusunda geniş miqyaslı taktiki təlimlər, noyabr ayının 24-26-da Şəmkir Sərhəd Dəstəsinin xidməti ərazisində "Dövlət sərhədində qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınlarının dəf edilməsi" mövzusunda zirehli döyüş texnikasının tətbiqi, gecə və gündüz döyüşü mövzusunda əməliyyat-taktiki təlim keçirilmişdir. Dövlət sərhədini pozmuş silahlı qruplara qarşı silah tətbiq edilərkən 3 nəfər sərhəd pozucusu zərərsizləşdirilmiş, 3 sərhəd pozucusu yaralanmışdır. Terrorçularla döyüşdə Dövlət Sərhəd Xidmətinin əsgəri Eltun Xaləddin oğlu İsgəndərov komandirlərini və əsgər yoldaşlarını xilas etmək üçün həyatını qurban verərək qəhrəmancasına həlak olmuşdur. Əsgərin igidliyi yüksək qiymətləndirilmiş, ona Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılmışdır. "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2011-ci ilin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində "Şıxlı" dövlət sərhədindən buraxılış məntə-qəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimlərində iştirak etməsi, avqust ayının 16-da DSX-nin hərbi qulluqçularını orden və medallarla təltifləndirməsi, ali zabit hərbi rütbələrinə layiq bilməsi, Dövlət Sərhəd Xidmətinin ştat-strukturunun təkmilləşdirilməsi, peşəkar heyətin say tərkibinin artırılması barədə qərarlar verməsi sərhədçilər tərəfindən qürur və sevinc hissləri ilə qarşılanmışdır. 2011-ci ildə 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisinin həyata keçirilməsi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzilin inşa edilməsi xüsusi vurğulanmalıdır. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə olaraq həmin ixtisaslar üzrə qəbulun keçirilməsi, DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələrinin fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə verilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi, DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması, Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.

Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, Dövlət Sərhəd Xidmətinin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılmışdır. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmış, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılmışdır. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunmuşdur.