+
-
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)
Ancaq Azərbaycan hökuməti İran tərəfini xəbərdar etməklə kifayətlənmir, cənub sərhədlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görürdü. Məhz bu tədbirlərin səmərəliliyinin nəticəsi idi ki, artıq 1920-ci ilin fevral ayında əsas narahatlıq doğuran şahsevənlərin quldur dəstələrinin hücumları dayandırılmış, cənub sərhədlərinin böyük bir hissəsində təhlükəsizlik təmin olunmuşdu. 1919-cu ilin aprel ayının 28-də hökumətin başqa bir qərarı ilə Daxili İşlər Nazirliyinə Cavad qəzasında xüsusi sərhəd dəstəsinin yaradılması məqsədilə vəsait ayrılmışdı. Sonrakı dövrdə əsasən yerli şəxslərdən ibarət mühafizəçilər dəstəsi təşkil edilir və bu adamların hər biri öz şəxsi silahı, atı, hətta, geyimi ilə xidmətə başlayırdı.

Qaçaqmalçılıqla mübarizə məsələləri, əsasən, respublikanın quru sərhədlərində aktual olsa da, dəniz nəqliyyatı vasitəsilə də bu işlərlə məşğul olanlar tapılırdı. Ancaq yeni müstəqillik əldə etmiş respublika üçün dəniz sərhədlərinin mühafizəsi ilə məşğul olmaq texniki, maliyyə imkanları, həm də mütəxəssis çatışmazlığı ucbatından çox çətin idi. Bu problemin həlli üçün müəyyən zaman keçməsinə, müəyyən imkanların reallaşmasına ehtiyac vardı. Belə bir mürəkkəb şəraitdə sərhəd mühafizə məsələlərinə birbaşa aidiyyəti olmayan nazirlik və idarələr də öz səlahiyyət və imkanları dairəsində köməklik göstərməyə çalışırdılar. O dövrdə respublikanın su sərhədlərinin mühafizəsi sahəsində vəzifələri əsasən Hərbi Nazirliyə tabe qurumlar yerinə yetirirdi. 1919-cu ildə ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, hərbi gəmilərin bir hissəsini və hərbi sursatı Azərbaycan hökumətinə təhvil vermiş və həmin gəmilər əsasında Azərbaycanın Xəzər donanması yaradılmışdı. Bu, respublikanın öz dəniz sərhədlərini qorumaqla bağlı atdığı addım olmaqla, həm də Azərbaycanın müstəqil dövlət kimi öz haqqını bir daha təsdiq etməsi idi. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədələrinə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi Xəzər dənizində dövlətimizin sərhədlərini qoruyurdu. Xidmətin təşkili ilə bağlı görülmüş işlər də dəniz sərhədlərimizin qorunması funksiyalarının yerinə yetirilməsinə öz müsbət təsirini göstərirdi. Limanlarda və sahil sularında vəzifələrin icrası ilə məşğul olan dəniz xidmətinin hərbi quluqçuları bu yolla respublikanın strateji əhəmiyyətə malik mal və məhsullarının xaricə daşınmasının qarşısını alır, limanlarda yoxlamalar keçirilməsində iştirak edirdilər.

1919-cu il avqust ayının 18-də parlamentdə «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olundu. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu və bu nazirliyin tərkibində əvvəl gömrük yığımları, sonra isə dövlət sərhədinin mühafizəsi şöbəsi yaradıldı. Bu qanunun qəbuluna qədər parlamentin qəbul etdiyi digər qanuna əsasən, qaçaqmalçılıq və qanunsuz ticarət dövriyyəsi ilə yalnız ölkə sərhədlərində deyil, həm də daxildə mübarizə 1919-cu ilin iyun ayının 23-dən etibarən maliyyə orqanlarına həvalə edilmiş və gömrük idarəsi hissəsi adlandırılan qurum ləğv olunaraq, onun əsas səlahiyyətləri Maliyyə Nazirliyinə verilmişdi.

Göründüyü kimi, Maliyyə Nazirliyi bu qanunun qəbulundan sonra artıq ölkə daxilində və sərhədlərdə gömrük funksiyalarını yerinə yetirən bir quruma çevrilir, sərhəd mühafizəsi ilə məşğul olan hər hansı təşkilatla birgə iş aparmaq məcburiyyəti qarşısında qalırdı. Sərhədlərin əksər hissəsində mühafizə və müdafiə məsələlərinin əslində üzvi surətdə bağlı olduğu bir dövrdə ikinci vəzifənin təminatına cavabdeh olan Hərbi Nazirlik kimi bir qurum əslində qaçaqmalçılıqla və qanunsuz ticarət dövriyyəsi ilə də mübarizə aparmaq məcburiyyətində idi. Yerlərdə hakimiyyət orqanlarının funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyi sərhədlərin mühafizəsi sahəsində daha çox silahlı dəstələrin respublika ərazisinə basqınlarının qarşısının alınması, qaçaqların əhaliyə zərər vurmasına yol verilməməsi problemləri ilə məşğul olurdu.

Sərhədlərin mühafizəsinin birbaşa bu vəzifənin yerinə yetirilməsi ilə məşğul olacaq qüvvələrə həvalə edilməsi sahəsində ardıcıl iş aparılmasını Azərbaycan hökumətinin 1919-cu il noyabr ayının 2-də qəbul etdiyi başqa bir qərar da sübuta yetirir. Həmin qərarda Zaqatala quberniyasında Dağıstanla sərhəddə yerləşən dərələrin etibarlı qorunması üçün yeddi müvəqqəti sərhəd postunun yaradılması nəzərdə tutulurdu. Əlbəttə, bu, Denikin və bolşevik təhlükəsi ilə bağlı idi. Təəssüf ki, gənc respublikanın maliyyə və hərbi kadr baxımından imkanları bütün sərhədlərin nəzarət altında saxlanılması üçün yetərli deyildi. Buna görə də, hətta, 1920-ci ilin yanvar ayına qədər artıq Azərbaycanın əksər sərhəd ərazilərində sərhəd postları yaradılsa da, Azərbaycan sərhədlərinin etibarlı mühafizəsi tam təmin edilə bilməmişdi. Daha çox İranla sərhəd ərazilərdə baş verən hadisələr nəticəsində əhali talanlara məruz qalır, quldurlara qarşı lazımi müqavimət göstərilməməsi, onların azğınlığına son qoyulmaması hökumətin yerlərdə nüfuzuna ciddi zərbə vururdu.