03.11.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

2018-ci il 01 noyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-Daşkənd” aviareysinin rəsmiləşdirilməsi zamanı Dövlət Sərhəd Xid­mətinin Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçir­diyi əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miq­­darda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri ara­sında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə əra­zisindən çıxarmağa cəhd göstərmişlər. Nəticədə bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxla­nılmışdır.

Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan Respublikasının vətən­daşları Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəh­manov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılmışlar. Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80