Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
2018-ci ilin 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınmışdır.
24 apreldə “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurmuşdur.
25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranmışdır.
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilmiş, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilmişdir. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkar olunmuş, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilmişdir.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi