+
-
09.05.2020
09.05.2020, 09:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7 may tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunu Qarakazımlı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əra­ziyə yaxınlaşması, avtomo­bildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışdır.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülmüşdür. 

D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşmışdır. 

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərasində saxlanılmışdır. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdiril­mişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

                             Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw