+
-
26.02.2020
26.02.2020, 10:47 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün struktur qurumlarında, hərbi hissələrində və sərhəd bölmələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Dövlət Sərhəd Xidmətinin Siyasi Repressiya Qurbanları Muzeyində, Azərbaycan Milli İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində keçirilən tədbirlərdə Dövlət Sərhəd Xidmətinin zabit, gizir, kursant heyəti iştirak etmiş, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycan­lılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılmışdır.

25 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət ilk öncə Xocalı faciəsini əks etdirən foto sərgi ilə tanış olmuşdur. Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edənlər dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım, faciənin səbəb və nəticələri barədə ətraflı məlumat vermişlər.

Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi qeyd edilmişdir. Soyqırım hadisəsinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətin beynəlxalq müstəviyə çıxarılması və Xocalı soyqırımının qətliam kimi Pakistan və Sudan tərəfindən tam səviyyədə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Ruminiya və Şotlandiya tərəfindən isə parlament səviyyəsində tanındığı bildirilmişdir.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmiş­dir.

                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw