+
-
26.09.2013
26.09.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılığa qarşı mübarizə tədbirləri sayəsində növbəti 2 qaçaqmalçı qrup zərərsizləşdirilmiş və külli miqdarda qaçaqmalın qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, cari ilin sentyabr ayının 20-də gecə saat 01:40 radələrində Şəmkir Sərhəd Dəstəsinin Qazax rayonunda yerləşən sərhəd zastavasının  xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində külli miqdarda tütün məmulatlarını keçirməyə cəhd edən bir qrup şəxs - Azərbaycan Respublikası vətəndaşları Qazax rayon sakinləri Məmmədov Hacı Mahmud oğlu, Nuriyev Samir Rafiq oğlu, Hacıyev İlkin  Mahmud oğlu, Hacıyev İsmət  Mahmud oğlu və Gürcüstan vətəndaşı Qəhrəmanov Loğman Fərman oğlu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmışlar.

Saxlanılmış şəxslərdən külli miqdarda ümumi dəyəri 15300 manat təşkil edən 7650 qutu “Marlboro" siqaretləri, 5 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür.

Bundan başqa həmin gün Şəmkir Sərhəd Dəstəsinin Qazax rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində digər cinayətkar dəstə də ifşa edilərək saxlanılmışdır.

Belə ki, Qazax rayon sakinləri Hacıyev Yaşar Arif oğlu və Mehraliyev Arzu Hüseyn oğlu qeyd olunan ərazidən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində külli miqdarda müxtəlif markalı mobil telefonları və onlara aid aksessuarlarını keçirməyə cəhd edərkən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmışlar.

Saxlanılmış şəxslərdən külli miqdarda ümumi dəyəri 7082 manat təşkil edən “Nokia” və “Samsung” markalı 84 ədəd mobil telefon,  mobil telefonlar üçün  25 ədəd müxtəlif növ qidalandırıcı, 27 ədəd qulaqcıq və 8 ədəd USB qurğusu aşkar olunaraq götürülmüşdür.

Hər iki faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318 (dövlət sərhədini qanunsuz keçmə) və 206 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış, qeyd olunan şəxslərə həmin cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş, barələrində qətimkan tədbirləri seçilmişdir.

Hazırda cinayət işləri üzrə cinayətin digər iştirakçılarını müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə intensiv əməliyyat-axtarış  və istintaq tədbirləri davam etdirilir.

 

   Dövlət Sərhəd Xidməti mətbuat mərkəzi

 

f tw