Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunmuşdur.
12 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilmiş istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi