+
-
27.05.2019
27.05.2019, 09:07- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqa­mətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında xüsusi yer tutan və artıq ənənəyə çevrilmiş “Sərhəd” hərbi-idman oyunları Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında  keçirilir və gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılan­ma­sında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 36 sərhədyanı və digər rayonlarının 207 mək­təbinin 1035 şagirdi iştirak etmişdir. İlk iki mərhələnin yekunlarına görə 10 komanda Naxçıvan şəhərinin 9 №-li tam orta məktəbinin, Astara şəhərinin 2 №-li tam orta məktəbinin, Mingəçevir şəhərinin İ.Qayıbov adına 10 №-li tam orta məktəbinin, Siyəzən şəhərinin 1 №-li tam orta məktəbinin, Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin kəndinin tam orta məktəbinin, Xaçmaz rayonunun Gödəkli kəndinin tam orta məktəbinin, Oğuz rayonunun Muxas kəndinin tam orta məktəbinin, Zaqatala rayonunun Muğanlı kəndinin  tam orta məktəbinin, Şəmkir rayonu Çaparlı kəndinin tam orta məktəbinin komandaları finala vəsiqə qazanmışlar.

Oyunların final mərhələsi may ayının  18-dən 24-dək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçiril­mişdir. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan vermişdir.

Final mərhələsində komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Mas­ka­lanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə oluinması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə  öz bilik və bacarıqlarını nümayiş еtdirmişlər.

Hərbi-idman oyu­nunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, onlar üçün bir sıra maraqlı eks­kursiyalar təşkil olunmuş, çoxsaylı mədəni-kütləvi tədbir­lər, bilik və idman yarışlarına keçirilmişdir. 

Final mərhələsinin yekunlarına görə Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin “Araz” komandası birinci, Siyəzən şəhərinin 1 №-li tam orta məktə­bi­nin “Sərhədçi” komandası ikinci,  Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutmuşlar.

May ayının 24-də “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazi­rliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışlar.

Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlan­dırılmış­lar.  

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw