+
-
25.05.2019
25.05.2019, 11:50 Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılış tədbirində Azərbaycan xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın çıxışı

Hörmətli mərasim iştirakçıları!

Biz kədərli, qəmli bir yerdəyik, amma mən sevinc hissi keçirirəm. Sevinc hissi keçirirəm ki, günahsız yerə tələf olmuş, məhv olmuş insan­larımızın xati­rəsinə vicdan borcumuzu qaytarırıq. Belə bir muzeyin yara­dılması mənim çox­dankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məc­lisdə şəhidlər muze­yinin yaradılmasını təklif etmişdim. Çox min­nətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı. Mən hətta o vaxt təklif edirdim ki, o uçurulmuş heykəl­ləri - Stalin, Kirov və başqaları dağıdılmasın, bu “KQB”-nin həyətində yığsınlar onları saxlasınlar. Elə ki, onlar insanları göndərmişdilər vaxtilə, indi özlərinin hey­kəlləri orda qalsın və bu ibrət dərsi olsun.

Bu muzey də bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirə­sinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu heç bir vaxt bu hal tarixdə təkrar olunmamalıdır. Mən niyə bunu xüsusi vurğulayıram? Çünki bilirsiz, indi qonşu ölkələr müəyyən dərəcə Stalin repressiyalarına haqq qazandırmaq kimi təşəbbüsləri var. Düzdü, filan qədər adam ölüb, amma bu zərurət idi. Heç bir halda insan təlafatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar. Ona görə də belə bir muzeyə görə mən bir daha təşəkkür edirəm.

İstərdim ki, bura cavanlarımız da, yaşlılarımız da gəlsinlər. Bir də onu da demək istəyirəm ki, mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz bu ayda mayın 20-də 1920-ci ildə Nargin adasında güllələnmişdir. Allah ona da, hamısına da rəhmət eləsin.

Çox sağ olun.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw