+
-
11.12.2018
11.12.2018, 13:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti 10-11 dekabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikasına səfər etmişdir.  

11 dekabr tarixində İran İslam Rüspublikasının nümayəndə heyəti Azərbay­can Respubli­kasının Prezidenti cənab İlham Əliyevtərəfindən qəbul olunmuş, söhbət zama­nı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibət­lərinin, o cümlədən də sərhəd mühafizəsi sahəsində qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə tövsiyələr verilmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmişlər.

Dövlət Sərhəd Xidmətinin Aparatında  general-mayor Qasım Rzayinin təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazmışdır.

11 dekabr tarixdə nümayəndə heyətlərinin geniş tərkibli görüşündə Azərbaycan və İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntə­qələrində mövcud vəziyyət, onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, narkotiklərin qaçaqmalçılığı, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, qadağan olunmuş malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində əməkdaşlığın vəziyyəti nəzərdən keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik E.Quliyev Azərbaycan Respub­likasının sərhəd təhlükəsizliyinə göstərilən ali dövlət qayğısı sayəsində bu gün ölkə sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təmin olunması, sərhəd infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar və tədbirlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasının 20% ərazisini, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran dövlət sərhədinin bir hissəsini işğal altında saxlamaqda davam etməsi sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalmaqdadır. 

Nümayəndə heyətləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirmiş, Azərbaycan və İran sərhəd qurumları arasında mövcud əlaqə­lərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulamışlar.

Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirakı ilə həyata keçirilən  beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu layihələri çərçivəsində “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsi, daşıma imkanlarının tək­milləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd nəzarətinin sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti vurğulanmışdır. 

Tərəflər “18 noyabr 2010-cu il tarixli Xəzər dənizində təhlükəsizlik sahə­sində əməkdaşlıq haqqında Sazişə əlavə Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Protokol”un icrasından irəli gələn məsələlər, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və digər aidiyyəti istiqa­mətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə  razılıq əldə etmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw