2018-ci ilin sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin effektivliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilmiş, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilmiş, təklif və müraciətləri dinlənilmişdir.
Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılmışdır.
“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilmişdir.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunmuşdur.
Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilmiş, cari ilin noyabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar rayonunun icra hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunmuş və qısa müddət ərzində həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi