Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
30 may 2018-ci il tarixdə DSX-nin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət etmələri aşkar olunmuşdur.
Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını almış və həmin şəxsləri saxlayaraq sərhəd zastavasına gətirmişdir. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunmuşdur.
Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəllüdlü Hossain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilmiş, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilmişdir.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi