+
-
07.05.2018
07.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Xüsusi tədbirlər planına əsasən sərhədçi hərbi qulluq­çu­ların xidməti ərazilərdə yerləşən Heydər Əliyev İdeoloji Mərkəzlərinə ekskursi­ya­la­rı təş­ki­l olunur, hərbi hissələrdə konfrans­lar, seminarlar, tematik axşamlar, disputlar keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

Bu tədbirlər çərçivəsində may ayının 7-də Dövlət Sərhəd Xidməti Aparatında  «Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi» mövzularında elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdən əvvəl Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçuları Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Ulu Öndərin büstünün önünə gül dəstələri qoymuşlar. 

Dövlət himninin səslənməsi ilə başlanan rəsmi hissədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyər­lə­rinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.  

Konfransda Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvo­ludur” mövzusunda məruzəsi dinlənilmişdir.

Konfrans iştirakçılarına Azərbaycan Sər­həd Mühafizəsinin inkişafına Ulu  Öndər Heydər Əliyevin ali diqqət və qayğısını əks etdirən «Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi» mövzusu şərh edilmiş və Ulu Öndərin sər­həd­çilərlə görüş­ləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri in­teraktiv təqdimat formasında nümayiş etdirilmişdir.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulan­mışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

                                         

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw