Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
2018-ci ilin 12 mart tarixində Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin 2 (iki) nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilmişdir.
Sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülmüşdür.
Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq səbəbindən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilmiş, zəruri xilasetmə əməliyyatına başlanılmışdır.
Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olmuşdur.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Süleyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi