Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
2018-ci ilin 10 mart tarixində 2 halda Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınmışdır. Belə ki:
- Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər şəxsin qarşısı alınmış, sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq havanın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçmışlar. Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus 535 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür.
- Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçı gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram narkotik vasitə olan heroin aşkar olunaraq dövriyyədən çıxarılmışdır.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi