Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış xidməti uğurlarla qarşılayır. Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələri xüsusi yer tutur.
Ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 14 şer, 14 hekayə, 17 qəzet məqaləsi, 15 rəsm əsəri və 77 inşa yazısı müsabiqənin finalına buraxılmış, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilmişdir.
Avqust ayının 11-də Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olmasını vurğulamışlar.
Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə fotoşəklləri çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi