+
-
15.02.2017
15.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 fevral 2017-ci il tarixdə Xudat Sərhəd Dəstəsinin Qusar rayonu ərazisində yerləşən "Həzrə" sərhəd komendantlığında, "Həzrə" və "Kirik" sərhəd zastavalarında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd orta məktəbinin müəllim və şagird kollektivinin, ictimaiyyətin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir.

Milli Qəhrəmanın müəllimləri, sərhədçi zabitlər şəxsi heyət qarşısında çıxış edərək Çingiz Qurbanovun orta təhsil illərindən xatirələr danışmış, döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq barəsində ətraflı məlumatlar vermişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid gedən Çingiz Qurbanov qanını və canını əsirgəmədən torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazır olan Azərbaycan əsgərinin növbəti simvoludur. Çingiz Qurbanov həm düşmənə, həm də bütün dünyaya bir daha göstərmişdir ki, Azərbaycan dövlətinin güclü əsgəri var və milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaqdır.

Tədbirlərdə vurğulanmışdır ki, Azərbaycan Respubli­kası­nın Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində cəbhə xəttində düşmənə sarsıdıcı zərbələrin endirilməsi, xarici siyasətdə əldə olunan ardıcıl diplomatik qələbələrimiz yaxın zamanlarda torpaqlarımızın işğaldan azad ediləcəyinə  olan inamı daha da artırmışdır.

Tədbirlərin sonunda şagirdlər və sərhədçi əsgərlər tərəfindən vətənpərvərlik mövzusunda şerlər səsləndirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw