+
-
05.08.2016
05.08.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2016-ci ilin 5 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Aparatında BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzaini qəbul etmişdir.  

Görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınmış, BMT İnkişaf Proqramının iştirakı ilə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində uğurla həyata keçirilən layihələrin vacibliyi vurğulanmış, birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını,  bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd etmiş, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulamışdır.

Söhbət əsnasında dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar barədə fikir mübadiləsi aparılmışdır.  

Tərəflər Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd etmişlər.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

                          Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw