+
-
31.05.2016
31.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Xanif Atmarın başçılığı altında nümayəndə heyəti 29 may  2016-cı il tarixdə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

30 may 2016-cı il tarixdə Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Atmar Dövlət Sərhəd Xidmətinin Aparatında qarşılanmışdır. Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­muş, hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılmışdır. Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd etmişdir. Görüşdə həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Əfqanistan nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi  Nazirliyi və Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi nəzərdə tutulur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw