+
-
30.03.2016
30.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti 28 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.  

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

29 mart 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında  general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq Misirin Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazmışdır.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­muş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanmışdır. 

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd etmiş, həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat vermişdir.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi  Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti  ilə tanışlığı nəzərdə tutulur.

Səfər çərçivəsində Misir nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerlərini ziyarət edəcəklər.   

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw