+
-
09.03.2016
09.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşun­larının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti 08 mart 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir.  

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyaba­nını ziyarət edərək Azər­baycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

09 mart 2016-cı il tarixdə qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişlər. Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İran İslam Respublikasının Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi apa­rılmışdır. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan – İran sərhədində, dövlət sərhədindən buraxılış məntə­qə­lərində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində  ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşın­masının qarşısının alınmasının vacibliyi vurğulanmış, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edil­mişdir. 

Bununla yanaşı “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində  Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi  və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.

Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilmiş, həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmlən­diril­məsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayən­dələrinə ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri və  bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur. 

                             

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw