Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqları üçün 67 halda 112 nəfər saxlanılmış, onların 68 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Əfqanıstan, 10 nəfəri Özbəkistan, 7 nəfəri İran İslam Respublikası, 7 nəfəri Nigeriya, 3 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri İsrail, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Çin vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən 7 halda 13 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 12 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 202 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 20 kiloqram 165,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
10 iyul 2012-ci il tarixdə «Astara» Sərhəd Nəzarəti Məntəqəsində İrandan Azərbaycana keçmiş, 1977-ci il təvəllüdlü Nobat Niyar Əlinin idarə etdiyi «Reno» markalı İR 21-290 dövlət nömrə nişanlı avtobusa gömrük orqanları ilə birlikdə baxış keçirilərkən yüklərin arasında gizlədilmiş 7 kiloqram 977 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülmüşdür.
18 iyul tarixdə Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının dəniz sərhədini pozmuş 3 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılmışdır. Saxlanılarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişlər. Lakin sərhəd gözətçi kateri qaçaqmalçıların qayığını təqib edərək sahildən 2,2 mil aralıda onları yaxalamışdır. Dövlət Sərhəd Xidmətinin dalğıcları xüsusi avadanlıqdan istifadə etməklə dənizin dərinliyindən 10 kq narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarmışlar.
20 iyul 2012-ci il tarixdə Astara rayonunun Sım kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfər sərhəd pozucusunun qarşısı alınmışdır. Sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın dumanlı olmasından bəhrələnmiş və qaçaraq geriyə qayıtmağa müvəffəq olmuşlar. Əraziyə baxış keçirilərkən 1030 qram həşiş, 1,3 qram heroin aşkarlanaraq götürülmüşdür.
30 iyul 2012-ci il tarixdə «Astara» Sərhəd Nəzarəti Məntəqəsində İrandan Azərbaycana keçmiş, 1980-ci il təvəllüdlü Vəfadar Mehdi Məhəmmədin idarə etdiyi «Donq-Feng» markalı 78-A-529 dövlət nömrə nişanlı avtomobilə sərhəd və gömrük baxışı keçirilərkən yük yerində gizlədilmiş 912 qram həşiş aşkarlanaraq götürülmüşdür.
Dövlət Sərhəd Xidməti tərəfindən «Xaş-xaş-2012» şərti adı altında keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Orucməhlə, Balakən rayonunun Meşəşambul kəndləri ərazisində ümumi çəkisi 48,5 kilqram olan yabanı halda bitmiş çətənə kolları toplanılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Türkmənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilmiş, dənizdən 700 metr tor aşkar olunaraq götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 886 min 750 manat olan qaçaqmal, o cümlədən 3 ədəd tüfəng, 23 ədəd patron, 10 ədəd giliz, patron üçün 1 ədəd kəmər, 1 kiloqram qırma, 0,55 kiloqram barıt, tir tüfəngi üçün 3600 ədəd saçma, 1 milyon 900 min Avropa valyutası, 301 ABŞ valyutası, 967 ədəd zinət əşyası, 2 ədəd gizli qələm-kamera, 2 ədəd qulaqasma böcəyi, 1 ədəd bıçaq, 3 ədəd qayıq, 462 ədəd mobil telefon, mobil telefonlar üçün 853 ədəd aksesuar, 2575 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.