Müstəqil dövlətimizin banisi Dahi Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına, sərhəd infrastrukturunun təkmilləşdirilməsinə, yeni hərbi hissələrin yaradılmasına, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqinə, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsinə etibarlı zəmin yaratmışdır.
Dekabr ayının 30-daDövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinə Döyüş Bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçirilməsi məqsədilə təntənəli mərasim keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik etmiş, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim etmişdir.
Tədbirdə Dahi Öndər Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə aviasiya dəstəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilmiş, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanmışdır.
General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirmiş, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olmuşdur.
Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunmuşdur.
Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avtotexnikanın təqdimatı keçirilmişdir. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydançasının, yeni yaradılmış qalxma və enmə zolaqlarının, eləcə də digər yeni tikililərin təqdimatı olmuşdur.
Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas parametrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviyyəsində təşkil etmək üçün lazımi şərait yaradılması məruzə olunmuşdur. Burada yerləşən xidməti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Anqarlarda helikopterlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olmuşdur.
Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzində əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılmışdır. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıqdan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuşların idarə edilməsinin təqdimatı olmuşdur.
Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar etmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi