+
-
28.12.2015
28.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq əməkdaşlıq üçün ölkəmizdə yara­dıl­mış münbit şəraitdən bəhrələnən Dövlət Sərhəd Xidməti dünya dövlət­lə­rinin müvafiq qurumları ilə, çoxsaylı beynəlxalq təşkilatlarla fay­da­lı qarşılıqlı əlaqələr yaratmışdır. Dünyanın səhiyyə təşkilatları ilə sıx əlaqə­lərin qurulması, qabaqcıl təcrübənin, yeni tibbi texnologiyaların öyrənilərək Dövlət Sərhəd Xidmətinin müayinə və müalicə müəssi­sə­lə­rin­də tətbiq edilməsi bu istiqamətdəki fəaliyyətin tərkib hissələrindən biridir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ilin dekabr ayının 13-dən 16-dək İsveçrənin Cenevrə şəhərində keçirilən “ WHO Global İnitiative for Emergency and Essential Surgical Care”-nin (GİEESC) 10 illik yubileyinə həsr olunmuş yığıncağa ilk dəfə olaraq Azərbaycandan nümayəndə kimi, həm də toplantının sessiyasında sədr­lik etmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadənin dəvət edilməsi Dövlət Sərhəd Xidmətinin səhiyyə isti­qamətindəki beynəlxalq əməkdaşlığının növbəti nəticəsi olmuşdur.

Ümumdünya Səhiyyə Təşkilatının bu yığıncağında 140 nəfərdən artıq tanınmış səhiyyə mütəxəssisləri, ekspertlər, yerli və beynəlxalq səhiy­yə orqanlarının rəhbərləri iştirak etmişlər. “Təxirəsalınmaz və təcili cərrahi yardımın və anesteziyanın universal səhiyyə komponenti kimi gücləndirilməsi” mövzusunda keçirilən toplantının əsas məqsədi müxtə­lif ölkələrdəki mövcud şəraitlərə uyğun olaraq müsbət nəticələrin qaza­nıl­ması üçün strateji və praktiki üsulların inkişaf etdirilməsindən ibarət olmuşdur.

 

        

                                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw