Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Dekabr ayının 12-də saat 01:00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirilmiş 1500 qutu “MM” siqaretlərini gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılmışdır.
Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılmışlar.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi