+
-
03.09.2015
03.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2015-ci ilin 02 sentyabr tarixində Dövlət Sərhəd Xidməti Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqi qəbul etmişdir.

General-polkovnik Elçin Quliyev Azərbaycan  sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının sərhəd mühafizəsinin güclən­dirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilmişdir. 

Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

BMqT-nin Baş Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı DSX-nın fəaliyyətini yüksək qiymətləndirmiş, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.    

Tərəflər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirmiş və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə etmişlər.   

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

                               Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw