+
-
11.08.2015
11.08.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış uğurlarla qarşı­la­yır. Hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə mə­həb­­bət hissi­­nin aşılanması Dövlət Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində prio­ri­tet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sıra­sında müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi xüsusi yer tutur.

Bu ildə ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibəti ilə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və sərhədyanı yaşayış məntəqələrinin orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsa­biqəsi təşkil edilmişdir. Müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan – peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizir­lər, onların ailə üzvləri, əsgərlər, sərhədyanı rayonların ümumtəhsil mək­təb­lərinin şagirdləri iştirak etmişlər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 29 şeir, 19 hekayə, 31 qəzet məqaləsi, 16 rəsm əsəri və 37 inşa yazısı müsabiqənin finalına buraxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Mət­bu­at Şurasının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsa­­bi­qə­nin finalına buraxılmış əsərlərin arasından qaliblər müəyyən edil­miş­dir.

Avqust ayının 11-də Dövlət Sərhəd Xidmətinin Aparatında müsa­biqə­nin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, Mətbuat Şura­sı­nın icraçı katibi Rəhim Hüseynzadə və  Rəssamlar İttifaqının rəyasət heyətinin üzvü Aydın Rəcəbov işti­­rak etmişlər. Çıxış edənlər sərhədçilərin fədəkar xidmətlə­ri­nin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, döv­­lət sərhədinə və sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılan­ma­sında keçirilən müsabiqənin çox böyük əhə­miy­yəti olduğunu vurğu­lamışlar.

Tədbirdə müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nüma­yiş etdi­ril­miş­dir.  

 

                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw