+
-
10.08.2015
10.08.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçi­ril­miş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanılmışdır.

Onların 28 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Moldova, 7 nəfəri İran İslam Respub­likası, 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, hər ölkədən bir nəfər olmaq­la Rusiya Federasiyası, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq  barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respub­lika­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədin­dən keçirilməsinin qarşısı alınmışdır.

 22 iyul tarixində Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saat 23:00 radələrində  İran İslam Respubli­ka­­sından Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alın­mış­dır. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kq kokos, 2,3 kiloqram tiryək,­ 80 qram qurudulmuş marixuana, 1550 ədəd psixotrop həb aşkar olunaraq götü­rülmüşdür.

25 iyul tarixində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində   torpağa basdırılmış bağlamada 2 kiloq­ram tiryək aşkar olunaraq götürülmüşdür.

Ay ərzində Lənkəran, Lerik, Zaqatala və Balakən rayonları ərazisində 76,5 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 10,5 ton olan çətənə kolları toplanaraq yandırılmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaq­mal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparat­la­rı, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw