+
-
22.12.2014
22.12.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində` yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün respublika rəhbərliyi tərəfindən bütün lazımi şəraitin yaradılması və bu sahənin inki­şafına xüsusi önəm verilməsi nəticəsində mümkün olmuşdur.

Dövlət Sərhəd Xidmətində ixtisaslı ali hərbi təhsilli zabit kadrların hazırlanmasına xüsusi önəm verilir. 10 avqust 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların sərhədçi zabit kimi hazırlan­ma­sı üçün ən yüksək standartlara cavab verən şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedoqoji heyət formalaş­mışdır. 

Gələcək zabitlərin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə akademiyada müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Kursantlarla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəl­dilməsində, onların vətənpərvərlik ruhunda tərbiyə edilmə­sində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında vali­deynlərin rolunun artırılmasına böyük önəm verilir, onlarla daimi əlaqələrin saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq uğurlu ənənəyə çevrilmiş «Valideyn günləri»ni xüsusilə qeyd etmək olar. 2014-cü ilin ötən dövrü ərzində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 73 belə tədbir keçirilmişdir.

Belə tədbirlərdən növbətisi dekabr ayının 21-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilmişdir.

Tədbirin rəsmi hissəsində çıxış edən akademiyanın rəisi general-mayor Araz Məmmədov keçirilən tədbirin məqsədini çatdırdıqdan sonra vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişaf nəticəsində əldə olunmuş uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən valideynlər akademiyada yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, kursantlara öz nəsihətlərini vermişlər. Daha sonra valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra fərqlənmiş kursantların həvəslən­diril­məsi barədə akademiya rəisinin əmri oxunmuş, fərqlənənlərə «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr, valideynlərə «Təşəkkür məktubları» təqdim edilmişdir.

Tədbir iştirakçıları «Sərhədçi» vokal-instrumental ansamblının və akade­miyanın bədii özfəaliyyət kollektivinin hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

Sonra qonaqlar kursantlarla birgə nahar etmişlər.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw