Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirməkdədir.
2014-cü il 8-11 dekabr tarixlərində “Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması” mövzusunda taktiki təlimlər keçirilmişdir.
Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mərhələdə keçirilən təlimlərdə:
- neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması;
- sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsi ilə gəmiyə çıxarılması;
- şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi;
- sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi;
- helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunmuşdur.
Cari ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi «Gəmi inşası zavodu»nda inşa olunmuş itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilmiş və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirmişdir.
Təlimlərin uğurlu yekunu münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı cənab general-polkovnik Elçin Quliyev təlimə cəlb olunmuş şəxsi heyəti təbrik etmişdir.
General-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri olmasını xüsusi vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırıması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən etmişdir.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçuların təltifləndirilməsi keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi